Tarixdə əbədi iz qoyan Lider: Heydər ƏLİYEV

Tarixde ebedi iz qoyan Lider: Heyder ELIYEV

Tarixdə öz adı ilə dövlətçiliyin, millət sevgisinin və liderlik nümunəsinin simvoluna çevrilən siyasi liderlər çox nadir hallarda yetişir. Azərbaycanın müasir tarixində dərin iz buraxmış belə görkəmli şəxsiyyətlərdən biri də Ulu Öndər Heydər Əliyevdir. Onun müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanın müstəqil dövlətçiliyinin əsası qoyulmuş, siyasi, iqtisadi, hüquqi və mədəni sahələrdə möhkəm təməllər yaradılmışdır.

Xüsusilə, 1970-ci illərdən başlayaraq Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan sürətli inkişaf dövrünə qədəm qoymuşdur. Elm, təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində əldə olunan nailiyyətlər bu böyük şəxsiyyətin yorulmaz fəaliyyəti və uzaqgörən siyasətinin bariz nəticəsidir. Onun səyləri nəticəsində Azərbaycan xalqı öz siyasi və iqtisadi suverenliyini əldə etmiş, dövlət müstəqilliyini möhkəmləndirərək gələcəyə inamla addımlamışdır.

Bu gün hər bir Azərbaycan vətəndaşı üçün Ulu Öndər Heydər Əliyev həm qürur, həm də minnətdarlıqla yad edilən bir simadır. Onun uzaqgörən siyasəti və milli maraqlara xidmət edən strateji yanaşması nəticəsində ölkəmiz tarixində ən çətin dövrləri arxada qoymuşdur. Bu siyasi kurs, Ulu Öndərin əsasını qoyduğu şərəfli yol, hazırda ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Xalqımızın qalib ordusunun şücaəti və bu böyük liderlərin müdrik siyasəti sayəsində işğaldan azad edilmiş torpaqlarımız bu gün əmin-amanlıq, quruculuq və inkişaf mərhələsinə qədəm qoymuşdur.

Vətən torpaqlarını azad görmək arzusu ilə yaşayan hər bir Azərbaycan vətəndaşı bu gün Qarabağı, Şərqi Zəngəzuru ziyarət edərkən böyük iftixar hissi ilə Heydər Əliyevi yad edir. Onun gələcəyə yönəlmiş dərin baxışları, xalqa olan sevgisi və müstəqil Azərbaycan ideyası hər birimiz üçün ilham mənbəyidir.

Biz, RİCH ailəsi olaraq, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edirik. Onun qoyduğu ənənələrə sadiq qalmağı və bu firavan ölkəyə sevgi və şərəflə xidmət etməyi özümüz üçün ali vətəndaşlıq borcu hesab edirik. Bu müqəddəs yolun işığında çalışaraq, gələcək nəsillər üçün daha güclü, inkişaf etmiş və sarsılmaz bir Azərbaycan qurmaq yolunda əzmlə fəaliyyət göstəririk.

Ulu Öndərin əziz xatirəsinə böyük hörmət və ehtiramla!

Rich Distribution Baş Direktor ANAR Həsənov